8 kq narkotiki satmaq istədi

Azərbaycanda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə,  daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz alqı-satqısı ilə məşğul olan Rəhman Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

 

Onun əlindəki sellofan bağlamaya baxış keçirilən zaman oradan külli miqdarda narkotik vasitə olan tiryək və marixuana aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin 7 kiloqram tiryək və 1 kiloqram qurudulmuş marixuana olması barədə rəy verilib.

 

Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. R.Məmmədov ifadəsində narkotik vasitələri satmaq niyyəti əldə etdiyini bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv