Polis rəisi: "Gedib qanlarını təmizlədir, sonra yenidən başlayırlar narkotikə"
Sabunçu rayonu Zabrat qəsəbəsindəki 81 saylı tam orta məktəbində "Narkomaniya bəşəriyyətin bəlasıdır!" və "Erkən nikaha "yox" deyək!" mövzularında tədbir keçirilib.
APA TV-nin məlumatına görə, tədbirdə 100-dən çox müəllim və şagird heyəti, Sabunçu RPİ-nin zabit heyəti, rayon İcra Hakimiyyəti və hüquq-mühafizə orqanlarının nümayəndələri, həkim-narkoloq iştirak edib.
Tədbir iştirakçıları "Narkomaniya bəşəriyyətin bəlasıdır!" adlı sənədli filmə baxıb.
Tədbirdə məqsəd ölkədə narkomaniyanın gəncləşməsinin qarşısının alınmasına, gənclərin dini-ekstremizmdən uzaq tutulması, erkən nikahlara son qoyulmasıdır.
Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov bildirib ki, azyaşlılar, gənclər özləri də bilmədən narkotik vasitələrdən istifadəyə cəlb edilir, nəticədə aludəçi olurlar. Narkomanlar isə olduqca çətin sağalır: "Müalicəsi ola bilər, gedər bir-iki ay həkim nəzarətində olar. Artıq 37-38 ildir xidmət aparıram, tək-tük iradəli adam olar ki, səhər dura, "mən səni istəmirəm" deyib, narkotik vasitəni ata. Belə insanlar 2-3 faiz ola bilər. Yoxsa gedib 2-3 ay müalicə alır, qanlarını təmizlədirlər. Sonra yenidən başlayırlar narkotikdən istifadəyə".
Çıxış edən şəxslər erkən nikahın ailələrin dağılmasına, təhsilsiz ailələrin çoxalmasına səbəb olduğunu, bu məsələnin ciddi problemlər yaratdığını qeyd edib.
Tədbirin sonunda şagirdlərin suallarına cavab verilib.