DİM Salyanda müəllimlər üçün seminar keçirib
Dövlət İmtahan Mərkəzi (DİM) Salyanda orta məktəb müəllimləri üçün maarifləndirici elmi-metodiki seminar keçirilib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Biləsuvar və Salyan rayonundan olan müəllimlərin qatıldığı seminarda 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelinə dair məlumat verilib.
Yeni modelin artıq ictimaiyyətə təqdim olunduğunu deyən DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə region üzrə buraxılış və qəbul imtahanlarının nəticələri haqqında seminar iştirakçılarına geniş məlumat verib, riyaziyyat fənni üzrə nəticələrin çox aşağı olduğunu təəssüflə vurğulayıb. O, seminarda iştirak edən müəllimlərin nəzərinə çatdırıb ki, şagirdlər yeniliklər haqqında mütəmadi və mükəmməl məlumatlanmalıdır.
Daha sonra sədr müəllimlərin suallarını cavablandırıb.
Seminarda buraxılış imtahanlarının yeni qaydaları haqqında DİM-in Azərbaycan dili fənni üzrə şöbə müdiri Afiqə Batıyeva danışıb. Riyaziyyat, ingilis dili və fransız dili fənləri üzrə buraxılış imtahanları proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında yeni model haqqında lisey və universitet müəllimləri məlumat veriblər.