Almaniya Türkiyəyə silah ixracını dayandırdı - AFRİN ƏMƏLİYYATINA GÖRƏ
Almaniya hökuməti Türkiyə ordusunun sərəncamında olan "Leopard" tanklarının modernləşdirilməsi ilə bağlı razılaşmanı və bu ölkəyə silah ixracını dondurub.
APA TV-nin "Der Spiegel"ə istinadən məlumatına görə, kansler Angela Merkel və xarici işlər naziri Ziqmar Qabriel məsələni müzakirə ediblər. Məsələnin yeni qurulacaq hökumətə həvalə edilməsi qərara alınıb.
"Biz koalisiya danışıqlarının necə nəticələnəcəyini bilmirik. Ona görə də kritik məsələlərin müzakirəsini təxirə salırıq. Aydındır ki, biz münaqişə zonalarına silah göndərə bilmərik və bunu etməyəcəyik" - deyə, nazir vurğulayıb.
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində hərbi əməliyyata başlamasından sonra Almaniya mediasında bu əməliyyatda həmin tanklardan istifadə olunması ilə əlaqədar Merkel hökumətinin ünvanına tənqidlər səslənib.