Bayıl yamacından köçürülənlərə kirayə haqqı veriləcək

Ötən gün axşam saatlarından etibarən Bayılda Cənub dərə yaşayış massivində yaşayan sakinlərin ərazidən köçürülməsinə başlayıb.

 

APA TV-nin xəbərinə görə, yerli icra orqanlarının nümayəndələrinin iştirakı ilə evlərə baxış keçirilib. Sözügedən zonanın təhlükəli olduğunu bildiriblər.

 

Sakinlər əksəriyyəti evlərinin qəzalı vəziyyətdə olmadığını desə də, digərləri hər an təhlükə ilə üz-üzə olduqlarını dilə gətirirlər:

 

- 1994-cü ildən burdayıq. Məcburi köçkünəm. Zorla ev tikib qurtarmışdıq. İndi də torpaq üstümüzə tökülür. Hazırda yaşadığım evdə vəziyyət çox təhlükəlidir. Bu gecə də ailəmlə birlikdə məktəbdə gecələmişik.

 

- Mən dişimlə-dırnağımla ev tikmişəm. Mənim evim heç bu yamacın başında deyil, qızım, yolun tən ortasındadır. Orda tikdiyim evin işığını, qazını niyə kəsiblər? Mən gecədən küçədəyəm, qohum evinə necə yığışım? Mən niyə gedib məktəbdə məskunlaşmalıyam? Şəhid ailəsi olsam da, evimi tikəndə bir adam yaxınlaşıb mənə kömək etməyib. Nə mən, nə mənim ailəm köçürülmə üçün heç bir yana müraciət etməmişəm.

 

Cənub dərə massivində 80 saylı mənzildəyik. Gördüyünüz kimi, divarlarda artıq böyük həcmli çatlar əmələ gəlib. Evin dörd divarı bu vəziyyətdədir. Dünən axşam saatlarından əraziyə işığın, suyun və mavi yanacağın verilişi dayandırılıb. Ev sahibləri yaxınlıqdakı orta məktəbə köçürülüb.

 

Ötən gün Bayıl yaşayış massivindəki mövcud sürüşmə zonasında yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargah müvafiq tədbirlər həyata keçirib. Qərargahdan şifahi olaraq bildirilib ki, mütəxəssislər ərazidə araşdırmalar aparıb. Bayıl yamacında sürüşməyə meylli, riskli ərazidə 67 ev müəyyənləşib. Səbail RİH tərəfindən əlavə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 80 ev (ailə) 390 nəfər ailə üzvü köçürülüb. Onlardan 34 ailə məcburi köçkündür.

 

Köçürülən vətəndaşların əksəriyyəti qohum, tanış evinə gedib, RİH tərəfindən yaradılmış müvəqqəti sığınacaqda hazırda 42 nəfər var. Onların məişət və qidalanma məsələləri həll olunub, sığınacaqda həkim postu yaradılıb.

 

Qərargahdan verilən məlumata görə, Bakı şəhərində aktiv sürüşmə zonalarında bu hallar mütəmadi olaraq baş verir. Sürüşmə hadisəsi müəyyən dövrdən bir aktivləşir. Ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları keşik çəkir. Əhali isə axşam saatlarından evlərini tərk edib sığınacaqlarda gecələyir.

 

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu gün sürüşmə zonasında və həmin ərazidən köçürülən sakinlərin yerləşdirildiyi 163 saylı orta məktəbdə olub və sakinlərlə görüşüb. Sığınacağa KİV nümayəndələrinin girişi qadağan olunduğundan, çəkiliş aparmağımıza icazə verilməyib.

 

Görüşdə bildirilib ki, artıq bu məsələ ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul olunub. Sürüşmə zonasından çıxarılan 80 ailəyə - 390 nəfərə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlarla birgə ərazidə araşdırma aparılır. Nəticə müəyyən olunanadək sakinlər kirayə haqqı ilə təmin olunacaq. Nəticədə bəlli olduqdan sonra verilən rəyə uyğun tədbirlər görüləcək. Əgər ərazidə təhlükə davam edərsə, vətəndaşlara birdəfəlik kompensasiya verilərək ərazidən köçürülmə məsələlərinə baxılacaq.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı