Ərdoğan hərbi formada Suriya sərhədinə getdi - VƏZİYYƏTLƏ MARAQLANDI

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Suriya ilə həmsərhəd Hatay əyalətinə səfər edib.

APA TV-nin NTV telekanalına istinadən verdiyi xəbərə görə, R.T.Ərdoğan Suriyanın Afrin bölgəsində aparılan əməliyyat komandanlığının qərargahına baş çəkib, yüksək rütbəli zabitlərin məruzələrini dinləyib. O, döyüş bölgəsindəki son vəziyyətlə maraqlanıb.

Ərdoğanı səfərdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, baş nazirin müavini Bekir Bozdağ, müdafiə naziri Nurettin Canikli, Quru Qoşunlarının komandanı Yaşar Gülər, Hatay valisi Erdal Ata müşayiət edib.

Bu arada, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində terrorçuların itkiləri barədə rəqəmləri açıqlayıb. Məlumata əsasən, 14 təyyarə ilə terrorçulara aid olduğu bildirilən 25 hədəf məhv edilib, ümumilikdə 306 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.

Müəllif | Apa.Tv
Apa.tv