Bakı metrosunda gənc oğlan tunelə girib qaçdı - DİGƏR STANSİYAYA KİMİ
Bakı metrosunda qəribə hadisə olub. APA TV-nin Bakı Metropoliteninin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, axşam saat 18:50 radələrində bir gənc metronun "İnşaatçılar" stansiyasında özünü qatar yoluna, relslərin üzərinə atıb.
Məlumata görə, o, tunellə metronun "Elmlər akademiyası" stansiyası istiqamətində qaçmağa başlayıb. Dərhal Metropoliten xidmətinin əməkdaşlarına məlumat verilib. Dəmir yolu xətlərindəki elektrik gərginliyi ayırılıb, qatarların hərəkəti dayandırılıb.
Bundan sonra polis və Metropoliten xidmətinin əməkdaşları həmin şəxsi tuneldə saxlayıb. Müəyyən edilib ki, o, 1992-ci il təvəllüdlü, Şəmkir sakini Ələsgərov Tamerlan Rövşən oğludur. Hazırda müvafiq polis orqanında faktın təfərrüatları araşdırılır.