Oğurluq edən 3 dost iş başında ələ keçdi - CƏLİLABADDA ƏMƏLİYYAT
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı rayon ərazisində silsilə oğurluqlar törədən dəstə üzvləri saxlanılıb.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayon sakini İlqar Muradov polisə müraciət edərək ona məxsus dükandan mobil telefonlar, eləcə də müxtəlif növ məişət əşyalarının oğurlandığını bildirib.
Cəlilabad RPŞ-nin müstəntiqi İlqar Nəsirovun sözlərinə görə, isti izlərlə keçirilən əməliyyat tədbirləri zamanı oğurluqda şübhəli bilinən üç nəfər Günəşli kənd sakinləri iş başında yaxalanıb:
"Gecə saat 02:00 radələrində təkrarən mağazadan oğurluq edərkən oğrular əşyalarla birgə tutulub. Şöbəyə dəvət olunandan sonra dindirildikdə müəyyən olunmuşdur ki, Cəlilabad rayon Günəşli kənd sakinləri Quliyev Raul Rüstəm oğlu, Quliyev İsmayıl Faiq oğlu və Əhmədov Murad Sakit oğlu həmin əməli törətmişlər".
Məlum olub ki, adıçəkilən şəxslər qabaqcadan əlbir olaraq müxtəlif vaxtlarda 30-a yaxın vətəndaşa məxsus dükandan oğurluq edərək cinayət əməlləri törədib. Saxlanılan şəxslərdən M.Əhmədov ilkin ifadəsində törətdikləri əməli etiraf edib:
"Götürüb marketlərdə, şəhərdə satırdıq hamısını, pulunu da bölürdük. Axırıncı marketə də girdik, marketdən çıxanda tutulduq".