Sovet vəhşiliyinə qarşı daha bir qəhrəmanlıq salnaməsi - LƏNKƏRAN HADİSƏLƏRİ
1990-cı il yanvar ayında paytaxt Bakıda törədilən vəhşiliklərin davamı Lənkəranı da gözləyirdi. Dinc əhaliyə divan tutmaq üçün Bakıya yeridilən Sovet qoşun hissələri bir neçə gün sonra Lənkərana doğru istiqamət götürdü. Ordu yanvarın 26-da Lənkəranda da bir sıra vəhşiliklər törətdi.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, həmin vaxt ölümün gözünə dik baxan lənkəranlılar da əli qana bulaşmış rus ordusuna qarşı etiraz səsini ucaltmışdı. Hər yerdə azadlıq hərakatı geniş vüsət almışdı. Bunun qarşısını almaq üçün rus ordusu Lənkərana yeridilir. Şəhərdə törənə biləcək kütləvi qırğının qarşısını almaq üçün onlarla vətənpərvər lənkəranlı Sovet ordusunun diqqətini yayındırmaq məqsədilə Haftoni meşələrinə çəkilir. Meşədə əliyalın sakinlərin mühasirəyə alınması üçün hücum təşkil edilir.
"Saat 11:00 radələrində kəndimizə tanklarla, ağır texnikalarla hücum etdilər. Biz də bilmədik nə baş verdi. Təxminən saat 12:00 radələrindən düz axşama qədər burada şiddətli döyüş getdi. Camaat özləri təşviş icində idilər, çünki bizim o hadisələrdən heç bir məlumatımız yox idi, qəfildən olan hadisə idi. Bu hadisə bizim yaddaşımızda birdəfəlik qalan hadisədir", - deyə Haftoni qəsəbə tam orta məktəbinin müəllimi Bağəddin Cəlalov deyir.
Onlardan altısı şəhid olur. Mühasirəyə düşdükdən sonra sağ ələ keçirilənləri vəhşicəsinə döyə-döyə vertolyotla Lənkərandan Bakıya aparırlar. Ümumilikdə isə Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalanlardan 11-i lənkəranlı idi. Onlardan 5-i isə yanvarın 19-dan 20-nə keçən gecə Bakı küçələrində şəhid olmuşdu.
Qəsəbə sakini İsmət Əmirovun sözlərinə görə, yanvarın 26-da çox ağır silahlarla silahlanmış Sovet ordusuna qarşı yerli sakinlərdən ibarət kiçik bir qrup yalnız primitiv silahlarla çıxa bildi:
"Bizim evlər qəsəbənin yuxarısında yerləşir. Döyüşlər demək olar ki, bizim həyətdən başladı. Orada şəhid olanları yuxarıdan aşağı gətirirdilər. Mən iki şəhidin meyitinin aparılması üçün maşına yüklənilməsində şəxsən özüm iştirak etmişəm. Biz bu gün görürük ki, doğrudan da onların apardığı mübarizə boşa gedmədi. Onlar adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdılar".
Azadlıq hərəkatının 46 üzvü Rusiya həbsxanasına göndərildi. Bugünkü tarix həmin hadisələrdə şəhid olmuş 11 lənkəranlının və milli azadlıq hərəkatının hünər salnaməsi kimi xatırlanır.