Bazar OPEK və ABŞ-ın təsiri altında - NEFTİN QİYMƏTLƏRİ STABİLLƏŞİR
Dünya neft bazarında xam neftin qiymətləri ucuzlaşıb.
APA TV-nin məlumatına görə, "Brent" markalı neft sutka ərzində bir dollara qədər ucuzlaşaraq, hazırda 70,22 dollardan satılır. Ötən gün bu markadan olan neftin bir bareli 71 dollardan baha satılırdı. Qərbi Texas nefti də kəskin dəyər itirib. WTI markası ötən gün 66,25 dollara satılırdısa, hazırda 65,39 təklif olunur.
ABŞ-da xam neft ehtiyatları ardıcıl 10-cu həftədir azalaraq 2015-ci ilin fevralından bu yana ən aşağı səviyyəyə düşüb. Ehtiyatlar azalsa da, ölkədə istehsal sürətlə artır. Ötən həftə ABŞ-da istehsal 30 ilin ən yüksək səviyyəsinə çatıb.
OPEK-in sədri Məhəmməd Barkindo "Bloomberg" televiziyasına verdiyi açıqlamada neft qiymətlərinin bu il stabilləşəcəyini deyib. Kartel və başda Rusiya olmaqla istehsalın azaldılmasına imza atan ölkələrin qərarlılığı qiymətlərin yüksəlməsinə təkan verir.
ABŞ-da ehtiyatların azalması da qiymətlərin artmasına səbəb olur. Ancaq bu ölkədə istehsalın sürətlə artması qiymət artımının qarşısını alacaq əsas maneə kimi görünür.