NATO: ABŞ və Türkiyə dil tapmalıdır
"ABŞ və Türkiyə arasında hər hansı bir gərginlik yaşanmır, amma Afrində baş verənlərin diqqəti İŞİD-ə qarşı aparılan anti-terror əməliyyatından uzaqlaşdıracağından narahatlıq var".
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu fikirləri Pentaqon rəsmisi Dana Uayt səsləndirib.
O, Türkiyənin legitim qayğılarının mövcudluğunu nəzərə aldıqlarını deyərək, Ankara ilə çox yaxın təmasda olduqlarını bildirib: "Aramızda heç bir narazılıq yoxdur, müttəfiq dövlətlərik. Amma "Zeytun budağı" əməliyyatı bizi bəzi məsələlərdə düşünməyə vadar edir. Gücümüzü İŞİD-ə qarşı birləşdirməyimiz daha məqsədəuyğun olardı".
Pentaqon generalı Kennet Makkinzi isə Türkiyəni Suriya böhranına ən yaxın ölkə adlandırıb: "Türkiyə sərhədləri daxilində münaqişə olan yeganə NATO dövlətidir. Biz isə Afrində mövcud olan silahlı kürdlərə heç bir yardım etməmişik, ABŞ yalnız Mərkəzi Fərat Vadisi adlanan nöqtədən İŞİD-ə qarşı cənuba və şərqə doğru planlaşdırılan əməliyyatlara dəstək olub və bu, davam edəcək".
Türkiyə Silahlı Qüvvələrinin planlaşdırdığı Menbiç əməliyyatına toxunan amerikalı general türklərin adı çəkilən bölgəyə girib-girməyəcəyindən məlumatsız olduğunu bildirib: "Bu baş verərsə ABŞ-ın hansı addımlar atacağını deyə bilmərəm, yalnız bunu söyləyə bilərəm ki, Türkiyə anti-terror koalisiyasının bir parçasıdır və əlaqəli şəkildə işbirliyimiz davam edəcək. Hazırda orada ordu generalı Votelin komandanlığı altında qüvvələrimiz var və onlar özlərini müdafiə etmək qüdrətindədir".
NATO baş katibi Yens Stoltenberq də Türkiyənin terrora məruz qalan NATO ölkəsi olduğunu deyərək, Türkiyə Silahlı Qüvvələrinin başladığı "Zeytun budağı" əməliyyatını anlayışla qarşıladıqlarını, lakin bu əməliyyatın ölçülü-biçili şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıb: "Keçən həftə prezident Ərdoğanla danışdıq. Suriyanın şimalı ilə bağlı ən doğru yol ABŞ və Türkiyə arasında təmasların yaxınlaşması nəticəsində tapıla bilər".
Bu arada Almaniya Suriyanın şimalında baş verənlərdən narahatlıq keçirdiyini bəyan edib. Ölkənin xarici işlər naziri Ziqmar Qabriel məsələ ilə əlaqədar NATO-nun təcili toplanmasını təklif edib.
Alman nazir Fransa ilə bərabər gərginliyin artmasına yol verilməməsini, əməliyyat aparılan bölgəyə humanitar yardımın çatdırılması üçün şərait yaradılmasını tələb etdiklərini bildirib.
Diplomat məsələnin siyasi yolla həllinin mümkünlüyünü ifadə edib: "Danışıqlarda daha çox Türkiyənin maraqlarının təmin edilməsinə dəstək verə bilərik".
Xatırladaq ki, Almaniya yanvarın 25-dən Türkiyəyə silah ixracının dayandırılması barədə qərar verib. Rəsmi Berlin bunu Suriyanın şimalında baş verənlərlə əlaqələndirib.