İdmanda dopinqdən istifadəyə qarşı cəzalar sərtləşdirilir

Azərbaycanda idmanda dopinq vasitələrinin istifadəsinə qarşı cəzalar sərtləşdiriləcək.

 

APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında komitə sədri Fuad Muradov deyib.

 

O bildirib ki, bununla bağlı “İdmanda dopinq vasitələrinin və ya metodlarının istifadəsinə qarşı mübarizə haqqında” qanuna əlavələr edilməlidir: “Ümumi təkliflər paketi var. Bura İnzibati və Cinayət məcəllələrinə dəyişiklik də daxildir. Bu məsələ Gənclər və idman komitəsinin yaz sessiyasının qanunverici işlər planına daxil edilib".

 

Daha sonra isə sədri Fuad Muradov komitəyə olunan müraciətlərlə bağlı hesabatı təqdim edib: “Həmin müraciətlərin 29-u tamamilə, 29-u qismən həll edilib. Daha 20-si əsassız sayılıb, 9-na müvafiq izahat verilib, 2-si icradadır, 35-i isə baxılması üçün aidiyyəti təşkilatlara göndərilib. Həmçinin 3 aztəminatlı ailənin mənzilinin dam örtüyü təmir edilib. Komitəmiz və deputatlarımız kommunal ödənişlərlə bağlı yaranan problemlərin həllinə çalışıb, bəzi problemlər isə artıq həll edilib. 6 vətəndaşa aylıq, 8 nəfərə isə birdəfəlik olmaqla maddi yardımlar göstərilib”.

 

Fuad Muradov bildirib ki, 2017-ci ilin payız sessiyası dövründə Milli Məclisin Gənclər və idman komitəsinə vətəndaşlardan, idarə və təşkilatlardan ümumilikdə daxil olmuş məktub, müraciət və sənədlərin sayı 124 olub.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı