Lənkəranda yeni limon sortu yetişdirilib
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində yeni limon sortu yetişdirilib.
APA TV-nin cənub bürosunun məlumatına görə, Respublika Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Lənkəran çay və sitrus bitkiləri filialının mütəxəssisləri yeni uğura imza atıblar.
Professor Fərman Quliyev deyir ki, yeni limon sortu olan Meyer Ağçiçək sortunun tədqiqatına 2016-cı ildən başlayıblar. Tədqiqatın məqsədi Lənkəran bölgəsində limon bağlarında az yayılmış yerli sortların morfoloji, bioloji və təsərrüfat xüsusiyyətlərinin artırılmasıdır. Eyni zamanda onların itmək təhlükəsindən qorunması və bərpa edilməsi, müasir seleksiya baxımından qiymətləndirilməsi, keyfiyyət göstəricilərinə görə yeni sortların seçilməsi və yaradılmasıdır: "Düzgün nəticəsini də alacağıq, çünki uzun müddətdir ki, rayonlaşdırılmış sortlarla müqayisə edirik. Onlar da bunun qəti nəticəsini görəndən sonra öz tədqiqatlarında bunu rayonlaşdıra bilərlər".
Bu sort digər sortlardan 70 faiz məhsuldarlığı ilə seçilir. Digər yerli limonlardan fərqli olaraq, keyfiyyət göstəriciləri və turşululuğu da yüksəkdir. Meyer Ağçicək sortu həm şaxtaya, həm də zərərvericilərə qarşı davamlıdır: "Yüksək məhsuldardır. Soyuğa nisbətən davamlıdır. Tərkibində olan turşular, vitaminlər o biri rayonlaşdırılmış sortlara nisbətən yüksəkdir".
Fərman Quliyev deyir ki, gələcəkdə bu sortların artırılaraq təsərrüfatlara verilməsi ölkə ərazisində sitrus bağlarının intensiv inkişaf etdirilməsinə imkan verəcək.
Qeyd edək ki, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində 4 adda yeni çay sortları da yetişdirilir. “Fərmançay”, “Lənkəran”, “Xəzər”, “Fərmançay Çəhrayı” çay sortları seleksiya nailiyyətlərinin sınağı və mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilib.