Salyanda 36 yaşlı axund dəm qazından boğuldu
Dəm qazı daha bir can alıb. APA TV-nin xəbərinə görə, bu dəfə Salyanda 36 yaşlı axund dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Hadisə ötən gün gecə saatlarında Salyan şəhərinin Şəhriyar küçəsində qeydə alınıb. İki azyaşlı uşaq atası olan 36 yaşlı Əli İsmayılovun ailəsi həmin vaxt Bakı şəhərində olduğundan özü evdə tək qalıb. İlkin məlumata görə, Əli İsmayılov yataq otağına girərək televizora baxarkən onu yuxu tutub: "Demək, qıraqdakı tütkeş var, həmin tütkeş nəsə fırlanıb başıaşağı olduğundan yaxşı çəkə bilməyib, buxarı vurub içəri. Qazın da gücü çoxaldıqca içəri çox isti olub. Həddən artıq isti olub. Öz yaxın qohumlarından biri zəng edib, amma zəng çatmayıb".
Bundan sonra Əli İsmayılovun qohumu onun yaşadığı evə gəlib. Darvaza içəridən bağlı olduğundan, bir neçə dəfə onu çağırıb. Hay vermədiyini görən qohumu darvazanın üstündən atılaraq evin bağlı qapısını döyüb: "Keçib pəncərə tərəfə, görüb ki, yatıb. Pəncərəni tıqqıldadıb çağırıb, görüb hay vermir. Pəncərəni vurub sındırıb, girib içəri. Deyir, girdim içəri, gördüm ki, gözlərim acılanır buxardan. İçəri də həddən çox isti. Tez pəncərəni, qapını açdım, onu da yatağından çəkdim qapıya tərəf, bədəni isti idi. Nə qədər elədim, gördüm ayılma yoxdur. Zəng elədim təcili yardıma, gəlib baxdılar, dedilər ki, bu artıq çoxdan dünyasını dəyişib".
Qeyd edək ki, ali ruhani təhsili olan Əli İsmayılov Salyan rayonunun Dayıkənd kəndinin axundu idi. Bölgənin nüfuzlu ruhanilərindən sayılan mərhum atası Hacı Əliqəm İsmayılov isə uzun illər Neftçala rayonunun axundu olub.
Faktla bağlı araşdırma aparılır.