Səməd Seyidov AŞPA-da bəyan etdi: "Bütün dünya Türkiyəni dəstəkləməlidir"

"Əgər hər hansı ölkə terror adlı xəstəlikdən xilas olmağa can atırsa, buna dərhal işğal donu geyindirilir".

 

APA TV-nin məlumatına görə, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumdakı müzakirələrdə çıxışı zamanı belə deyib.

 

O, Türkiyənin Suriyada həyata keçirdiyi "Zeytun budağı" əməliyyatına da toxunaraq, beynəlxalq aləmin terrorizmlə mübarizəyə işğal donu geydirməsini qəbuledilməz adlandırıb: "Yalnız Türkiyə deyil, bütün ölkələr, o cümlədən Hollandiya, Belçika, İngiltərə, Fransa, Azərbaycan terrordan əziyyət çəkir. Terror Avropanın bədənində qara bir yaradır. Əgər ölkələrdən biri bu xəstəlikdən xilas olmaq, insanların hüquqlarını müdafiə etmək üçün addımlar atmağa başlayırsa, həmin dəqiqə hansısa işğaldan danışılmağa başlanır. Bu nə hərbi müdaxilə, nə də işğaldır. Bu, İŞİD və PKK-nın timsalında iki üzü olan terror adlı xərçəng xəstəliyinə qarşı yönəlmiş hərbi əməliyyatdır".

 

S. Seyidov bildirib ki, beynəlxalq ictimaiyyət Türkiyənin Suriyadakı terrorizmlə mübarizə məqsədli addımlarına dəstək olmalıdır: "Nümunə üçün deyim ki, mənim ölkəmə məhz işğalçılıq məqsədilə təcavüz edilib. Türkiyə demək istəyir ki, digər ölkələrdə stabilliyi pozmaq üçün həmin terror təşkilatlarına dəstək verilir. Amma indi, Türkiyə bizim özümüz, övladlarımız, London, Paris və nəhayət Bakı naminə bölgədə hərbi əməliyyatlara başlayan kimi bu addımlara işğal adı verilir. Yox, xanımlar və cənablar! Türkiyənin bu gün bizim dəstəyimizə ehtiyacı var və mən inanıram ki, bu, terrorizmlə mübarizənin yeganə yoludur. Türkiyə bunu mütləq bacaracaq".

 

Səməd Seyidov bildirib ki, beynəlxalq aləm Türkiyənin haqq işinə dəstəyini əsirgəməməlidir.

Müəllif | Apa.Tv
Fərid Rəsulov