Ərdoğan Azərbaycana təşəkkür etdi
"Əgər biz gücümüzdən tam istifadə etsək, tanklarımız, toplarımız, aviasiyamızla geniş hücuma keçsək, başladığımız əməliyyat bir neçə gün çəkər. Amma biz hərbçilərimizin həyatı qədər qarşımıza "canlı qalxan" kimi çıxarılan dinc insanları və onların malını-mülkünü də düşünürük. Çünki məqsədimiz işğal deyil".
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə deyib. Dövlət başçısı "Zeytun budağı" əməliyyatına qədər məsələnin başqa yollarla həlli istiqamətində çalışdıqlarını, lakin bunun faydasız olduğunu bildirib.
Ərdoğan Avropa Parlamentinə səslənərək "Zeytun budağı"nı işğal kimi dəyərləndirənlərə Türkiyənin başladığı əməliyyatın anti-terror mübarizəsi olduğunu deyib: "İşğalı gedin Liviyada, Ruandada, Malidə axtarın. Türk milləti heç bir zaman qəddar olmayıb. Mən AŞPA-dakı Azərbaycan nümayəndə heyətinə, Səməd Seyidova dəstəyə görə təşəkkür edirəm".
NATO baş katibi Yens Stoltenberqə açıqlamasına görə təşəkkür edən Türkiyə prezidenti ABŞ prezidenti Donald Trampa səslənib: "Hörmətli prezident, bizi bu qədər ittiham etməyin deyirsiniz. Əgər müttəfiqiksə, biz müttəfiqlərimizdən bu cür münasibəti necə başa düşək? Biz öz təhlükəsizliyimizi qanuni şəkildə təmin edirik. Biz ABŞ-la bu problemləri bərabər həll etməyin tərəfdarıyıq. Mənim xalqın soruşur: "Sözügedən bölgəyə silahlar niyə, kimə qarşı göndərilir?"
Türkiyənin dövlət başçısı Suriyanın şimalında "Zeytun budağı" əməliyyatının sonuncu terrorçu məhv edilənə qədər davam edəcəyini vurğulayıb.