Şəkidə maskalı şəxslər YDM-ə basqın etdi - BİRİ TUTULDU
Şəkidə maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə basqın edib.
APA TV-nin məlumatına görə, rayonun Kiçik Dəhnə kənd inzibati ərazisində fəaliyyət göstərən “Dəhnə Petrol” yanacaqdoldurma məntəqəsinə gəlmiş 2 maskalı şəxsin yardımçı otağın pəncərə şüşəsini sındıraraq, orada işləyən operatorlara bıçaq və taxta parçası ilə hədələyərək pul vermələrini tələb ediblər.
Müqavimətlə rastlaşdığını görən maskalı şəxslər qaçaraq ərazini tərk ediblər.
Şəki Şəhər (Rayon) Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər qısa zamanda müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə onlardan biri - Kiçik Dəhnə kənd sakini Tacı Musa oğu Mənəfli isti izlərlə saxlanılıb. Polis əməkdaşları tərəfindən ona məxsus “VAZ-21074” markalı avtomobilə baxış keçirilib və oradan 2 ədəd idman papağından hazırlanmış maska, 1 ədəd bıçaq, 1 ədəd yapışqanlı lent, 1 ədəd idman şalvarı və gödəkcə aşkar edilib.
Tacı Mənəfli sübhəli şəxs qismində saxlanılıb, götürülmüş maddi sübutlar isə istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.