Azərbaycan prezidenti iki ölkənin səfirlərinin etimadnamələrini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 26-da Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xose Manuel Silvanın etimadnaməsini qəbul edib.
APA TV xəbər verir ki, səfir Xose Manuel Silva fəxri qarovul dəstəsinin qarşısından keçib və etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Səfir Xose Manuel Silva ölkəmizdəki diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Ekvador Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri German Alexandro Orteqa Almeydanın da etimadnaməsini qəbul edib.
Söhbət zamanı Azərbaycanla Ekvador arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu bildirilib, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, iqtisadi əlaqələrin müxtəlif sahələrdə, xüsusən idxal-ixrac sahəsində inkişaf etdirilməsi üçün yaxşı imkanlar var.