Liviyanın Benqazi şəhərində şəxsiyyətləri açıqlanmayan 10 nəfərin küçədə, insanların gözü qarşısında güllələnməsi BMT-nin bu ölkədəki missiyası tərəfindən sərt tənqid edilib. APA TV xəbər verir ki, adları açıqlanmayan, gözləri bağlı olan həmin şəxslərin güllələnməsi kadrları tez bir zamanda sosial şəbəkələrdə də yayılıb.
Məlumata görə, onları şəhərin ən böyük məscidinin yaxınlığında edam ediblər. Qeyd edək ki, bu məscidin qarşısında bir neçə gün bundan əvvəl terror aktı törədilmişdi ki, nəticədə 30-dan çox insan dünyasını dəyişmiş, təxminən 70 nəfər də xəsarət almışdı.
İnsan haqlarının müdafiəsi təşkilatlarının açıqlamasına görə, kütləvi edama Liviya milli ordusunun xüsusi təyinatlı dəstəsinin komandiri Mahmud əl-Verfalli rəhbərlik edib. Hələ ötən il Beynəlxalq Cəza Məhkəməsi əl-Verfallinin hərbi cinayətlərinə görə onun həbsinə dair order vermişdi. BMT-nin məlumatına görə, bu, Mahmud əl-Verfallinin ictimai yerlərdə ektremistlərə qarşı törətdiyi ilk kütləvi edam deyil.