Suriya müxalifəti Soçi danışıqlarını boykot etdi
Suriyanın müxalif Danışıqlar üzrə Komitəsi Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresində iştirakdan imtina edib.
APA TV-nin məlumatına görə, bu barədə qurumun "Twitter" səhifəsində bildirilib.
Suriyanın Danışıqlar üzrə Komitəsinin nümayəndəsi Yəhya əl-Əridi rəsmi Dəməşq və Moskvanı tədbirlə bağlı lazımi öhdəliklərin yerinə yetirilməsini təmin etməməkdə təqsirləndirib.
"Konqres BMT-nin sülh danışıqlarında vasitəçi qismində səylərini pozmağa cəhddir" - deyə, Y.Əl-Əridi vurğulayıb.
Xatırladaq ki, Rusiya, Türkiyə və İran yanvarın 29-30-da Soçidə Suriya cəmiyyətinin bütün qruplarının iştirakı ilə Milli Dialoq Konqresinin keçiriləcəyini bəyan edib. Milli Dialoq Konqresində 1600 nəfərə yaxın adamın iştirak edəcəyi gözlənilir.
Rusiya XİN-i tədbirə müşahidəçi qismində Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri, bir sıra regional və beynəlxalq tərəfdaşları dəvət edib.