Sumqayıtda baş verən atışma ilə bağlı daha 3 nəfər saxlanıb, DƏSTƏNİN ƏSAS ÜZVÜ ƏLƏ KEÇİB
Sumqayıtda baş verən silahlı insidentlə əlaqədar bu gün səhər saatlarında daha 3 nəfər şübhəli şəxs qismində saxlanıb. Onlardan birinin qruplaşmanın əsas üzvlərindən olduğu bildirilir. Məlumatı Sumqayıt Şəhər Baş Polis İdarəsinin cinayət axtarış şöbəsindən təsdiqləyiblər. Saxlanan şəxslərin kimliyi barədə məlumat verilməsə də, onların radikal dini qruplaşmanın üzvləri olduğu bildirilir.
Qeyd edək ki, dekabrın 11-də axşam saatlarında Sumqayıt şəhəri, 10-cu mikrorayonda bir qrup şübhəli şəxsin kafeyə yığışdığı barədə Milli Təhlükəsizlik Nazirliyinin Sumqayıt şəhər şöbəsinə məlumat daxil olub. MTN və Sumqayıt Şəhər Baş Polis İdarəsi şübhəli şəxsləri saxlamaq üçün birgə əməliyyat keçirib. Əməliyyat zamanı həmin şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstəriblər. Atışma zamanı 1982-ci il təvəllüdlü Anar Rəhimov, 1976-cı il təvəllüdlü Elmar Məmmədli və 1988-ci il təvəllüdlü Elnur Nəzərəliyev güllə yarası alıb. Onlar xəstəxanaya yerləşdirilib. Hazırda faktla bağlı araşdırmalar davam edir.