Bakıda yaşayış binasında partlayış oldu
Səhər saatlarında paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 237 ünvanında partlayış baş verib. Partlayışın səbəbi, ilkin ehtimala görə, qazıntı işləri aparılan zaman qaz kəmərinin zədələnməsi və bundan əmələ gələn yüngül qaz sızması olub.
APA TV-nin məlumatına görə, hadisə nəticəsində binanın birinci mərtəbəsindəki ümumi sahəsi 500 kv. m olan dəftərxana ləvazimatları mağazasının daxili konstruktiv elementləri (satış rəfləri, alkopan konstruksiyalar və tavanı) dağılıb, qapı-pəncərələri sınaraq yararsız hala düşüb. Bundan əlavə, mağazada satılan dəftərxana ləvazimatları da yanaraq külə dönüb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Bina yanğından mühafizə olunub.
Mağazanın sahibi İsrail Yusifov deyir ki, partlayış dalğasının gücündən binanın ikinci və üçüncü mərtəbələrinin və yaxınlıqda yerləşən bəzi binaların pəncərə şüşələri sınıb: "Nə qədər, nə ziyanın dəydiyi hələ bilinməz. Araşdırıb deyəcəklər də yəqin ki. Zirzəminin sahibini bilmirəm, adını da heç bilmirəm. Mən özüm də icarədaram burada".
Partlayış zamanı mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Zahid Şükür oğlu Mahmudov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Həmin şəxs 5 nömrəli Şəhər Klinik Xəstəxanasına çatdırılıb, vəziyyəti ağır olaraq qiymətləndirilir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin və "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları gələrək, araşdırmalara başlayıblar. "Azəriqaz" İB-nin baş direktor müavini Ruslan Əliyev hadisə ilə bağlı bunları deyib: "Azəriqaz" İstehsalat Birliyinin kəməri buradan keçmir. Buradan hündürmərtəbəli binaya məxsus, qazlaşdırılması üçün verilən qaz kəməri keçir. Çox güman olunur ki, orada dünən qazıntı işi aparılıb. Qazıntı işi aparılan zaman da o kəmərə toxunma olub. Bunlar hamısı ehtimaldır".
Hadisənin dəqiq başvermə səbəbləri aparılan araşdırmanın nəticəsində məlum olacaq.