Muzey Mərkəzində Bəhram Bağırzadənin fərdi sərgisi açılıb

Muzey Mərkəzində Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü, əməkdar artist Bəhram Bağırzadənin “Art İn Boxes” adlı fərdi sərgisinin açılışı olub.

 

APA TV-nin məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə karikaturalar və Bakının əks olunduğu fotolar sərgilənib.

 

Bəhram Bağırzadə uzun müddətdir Bakının on illər öncə çəkilmiş fotolarını toplayır. Lakin bu sərgidə paytaxtın müasir dövrdə çəkilmiş, həm də fərqli tərzdə təqdim olunmuş şəkillərinə rast gəlmək olar.

 

Bu, Bəhram Bağırzadənin ikinci sərgisidir: “Keçən il də olmuşdu. 145 əsər nümayiş olunmuşdu. Bu gün isə 11 əsər. Məncə, pis alınmayıb. Bu ekspozisiyanı gələn ay Avropaya aparacağam. Ola bilsin, Almaniya, Avstriya və Belçikada”.

 

Əməkdar artist daha beş sərgi təşkil edəcək. Dediyinə görə, ADR-in 100 illiyinə həsr olunacaq sərgidəki işlər ilk dəfə nümayiş olunacaq.

 

Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Arif Əziz bildirib ki, Bəhram Bağırzadə vətənini, Bakını çox sevir. Əsərlərində də bu aydın hiss olunur: “Mən onun bütün işlərini sevirəm. Onun işlərindən mənim evimdə də var. Ona yüksək nailiyyətlər arzu edirəm”.

 

Sərgi bir çox məşhurları bir araya gətirdi. Əməkdar artist Tünzalə Ağayeva Bəhram Bağırzadənin bu sərgisinin tarixin yaşadılması baxımından önəmli olduğuna diqqət çəkib: “Sevə-sevə gəldim. Çünki Bəhram ölkəsinə, vətəninə çox bağlıdır. O, tarixi yaşatmağa çalışır. Məncə, bu, böyük təbliğatdır”.

 

Sərgi 31-dək davam edəcək.

Müəllif | Apa.Tv
Nigar Həsənli