PKK tərəfdarları Hollandiyada Azərbaycan Kültür Dərnəyinə hücum etdi

Hollandiya paytaxtında "Azərbaycan-Türk" Mədəniyyət Mərkəzində basqın olub. Bu barədə APA TV-yə Hollandiyada yaşayan azərbaycanlı jurnalist Vüqar Abbasov məlumat verib.

Bir qrup üzü bağlı şəxs gecə saatlarında mərkəzin şüşələrini sındıraraq qaçıb: "Dörd nəfər üzü bağlı adam 10-20 saniyə içərisində təşkilatın şüşələrini sındırıb qaçıblar. Hadisə yerinə 2 dəqiqə sonra əraziyə polis gəlib. Hadisə anı təhlükəsizlik kameralarına düşüb. Onlardan birinin üzünün göründüyü deyilir. Araşdırmalar başlayıb. Daha əvvəl belə hadisələrə rast gəlinməyib. Bu insidentin Suriyanın şimalında başladılan "Zeytun budağı" əməliyyatı ilə bağlılığı və hadisəni törədənlərin PKK üzvləri olduğu ehtimal olunur".

Xatırladaq ki, bir neçə gün əvvəl Amsterdamda türklərin kompakt yaşadığı məhəllələrdən birindəki məscidə basqın olub.

"Azərbaycan-Türk" Mədəniyyət Mərkəzində baş verən hadisə ilə bağlı Türkiyə parlamentinin sabiq millət vəkili, Sinan Oğan da paylaşım edib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı