Lerikə 50 sm qar yağıb
Cənub bölgəsinə fasiləsiz olaraq yağan yağış bəzi yerlərdə qara çevrilib.
APA TV-nin cənub bürosunun məlumatına görə, Masallı, Lənkəran və Astarada yağışlı hava hökm sürsə də, Yardımlı və Lerik rayonlarına qar yağıb.
Yağıntının miqdarı Lerik rayonunda daha çox olub. Hazırda rayon mərkəzində qarın hündürlüyü 26 sm, ucqar dağ kəndləri olan Orand, Nuravud, Pirəsora və Sorçay ərazilərində isə qarın qalınlığı 40-50 sm-ə çatır.
Dağ yollarında avtomobillərin hərəkətində çətinliklər yaranıb. Yolların qardan təmizlənməsi üçün ağır texnika və canlı qüvvə səfərbər olunub.
Yardımlı rayonuna yağan qarın qalınlığı 20 sm-ə, ucqar kəndlərdə 25-30 sm-ə çatır. Ucqar dağlıq ərazilərdə qarlı hava şəraiti davam edir. Ümumilikdə isə bölgədə havanın temperaturu mənfi 3 dərəcəyə düşüb. Dağlıq ərazilərdə bəzi yerlərdə 5-7 dərəcə şaxta var. Hazırda saniyədə 10-15 metr sürətlə şimal-qərb küləyi əsir. Qeyri-sabit hava şəraitinin yanvar ayının 29-na kimi davam edəcəyi proqnozlaşdırılır.