Yanacaqdoldurma məntəqəsinə basqın edənlər saxlanıldı - ŞƏKİDƏ
Şəkidə yanacaqdoldurma məntəqəsinə (YDM) hücum edən maskalı şəxslər saxlanılıb. APA TV-nin məlumatına görə, həmin şəxslər Şəki polisinin keçirdiyi əməliyyat tədbirləri ilə ələ keçib.
Hadisəni törətməkdə şübhəli bilinən Kiçik Dəhnə kənd sakinləri, 27 yaşlı Rəsulov Roman Vacib oğlu və 25 yaşlı Mənəfli Tacı Musa oğlu saxlanılaraq polis orqanına gətirilib və öz ifadələrində hər iki şəxs əməllərini etiraf edib.
Müəyyən edilib ki, Roman Rəsulovla Tacı Mənəfli rayonun Kiçik Dəhnə kəndi ərazisində fəaliyyət göstərən “Dəhnə Petrol” YDM-ə gəlib, yardımçı otağın pəncərə şüşəsini sındıraraq içəri daxil olub və orada işləyən operatorları bıçaq və taxta parçası ilə hədələyərək pul vermələrini tələb edib.
Saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən onlara məxsus “VAZ 2107” markalı avtomobilə baxış keçirilib və oradan 2 ədəd idman papağından hazırlanmış maska, 1 ədəd bıçaq, 1 ədəd yapışqanlı lent, 1 ədəd idman şalvarı və gödəkcə aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.