Paytaxtda "KamAZ" aşdı - SÜRÜCÜ YARALIDIR

Bakının Xətai rayonunda yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, avtoqəza Nobel prospektində qeydə alınıb.

1967-ci il təvəllüdlü İsgəndərov Rasim Şəmsəddin oğlu "KamAZ" markalı yük maşını ilə prospektlə Zığ qəsəbəsi istiqamətində hərəkət edən zaman idarəetməni itirib və avtomobil yolun kənarına aşıb. Onun yük yerində olan qum isə yola dağılıb.

Hadisə nəticəsində sürücü xəsarət alaraq 1 saylı Xəstəxanaya çatdırılıb. Vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, yük maşınının aşmasına başqa bir minik avtomobili səbəb olub. Həmin avtomobil qumla yüklü olan "KamAZ"ın qarşısında sağa-sola manevrlər etdiyindən R.İsgəndərov idarəetməni itirib və yük maşını daş bardürə dəyərək aşıb.

Hazırda polis yol qəzasının təfərrüatlarını araşdırır.

Müəllif | Apa.Tv
Apa.tv