Azərbaycanda elektrik enerjisinin qiyməti artmayacaq
“Azərenerji” ASC elektrik enerjisinin qiymətinin qalxması ilə bağlı Tarif Şurasına heç bir təklif verməyib ”.
APA TV-nin xəbərinə görə, ASC-nin prezidenti Etibar Pirverdiyev deyib ki, yanacağın qiymətləri qalxsa da, elektrik enerjisinin qiymətlərində artım gözlənilmir. O, qışla bağlı elektrik enerjisinin verilməsində fasilələrin yaranacağını istisna etməyib: "Yeni xətlər tikilib. Bildiyiniz kimi ölkə başçısının göstərişi ilə yeni elektrik stansiyaları qurulub. Yəni bütün bunlar qışa hazırlıq barədə imkan verir ki, deyək ki, qışa hazırıq. Amma heç bir enerji sistemi deyə bilməz ki , qışa tam hazırdır. Çünki elə hava şəraiti ola bilər ki, yəni müəyyən fasilələr ola bilər ".
Etibar Pirverdiyev bildirib ki, Azərbaycan elektrik enerjisini Avropaya ixrac edəcək: "Əlbəttə ki, biz ölkə prezidentinin göstərişi ilə 5 il öncə bu xətləri, yarımstansiyaları tikməyə başladıq. Bizim tərəfimizdən həmin xətt Mingəçevir, Samux və Qardabani yarımstansiyaları istiqamətində ötürülən elektrik xətləri artıq hazırdır. Eyni zamanda Gürcüstan tərəfində Axaltsikidə biz yeni 500-400 KV-luq yarımstansiyasının açılışında iştirak etdik".
Onun sözlərinə görə, elektrik enerjisinin gələn ilin əvvəlindən Türkiyəyə və Avropaya ixrac edilməsi nəzərdə tutulur.