Ağsuda “Qırmızı Kitab”a düşən quşları ovlayan 3 nəfər saxlanılıb

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ov edənlərə qarşı keçirdiyi reyd zamanı “Qırmızı Kitab”a düşən quşları ovlayan şəxsləri yaxalayıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Ağsu rayonunun Cəfərli kəndi yaxınlığında mühafizə olunan qoruq ərazisində 3 nəfər şəxs qanunsuz ov edərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Araşdırmalar zamanı ov edən şəxslərin Ağsunun Kəndoba kənd sakinləri - 1989-cu il təvəllüdlü İbadov Zaur Cəfərxan oğlu, 1988-ci il təvəllüdlü İbadov Qahir Asət oğlu və 1983-cü il təvəllüdlü Məhəmmədli Ramazan Fəxrəddin oğlu olduğu müəyyən edilib. Onların üzərindən 3 ədəd qoşalüləli ov tüfəngi və 18 ədəd güllə, eləcə də həmin şəxslərdən ovladıqları "Qırmızı Kitab"a düşmüş 4 baş Bəzgək quşu da götürülüb.

 

Qeyd edək ki, sayı azaldığı üçün Bəzgək quşlarının adı 1989-cu ildə "Qırmızı Kitab"a daxil edilib. Qanunsuz ovlanan hər bir quşa görə 330 manat cərimə nəzərdə tutulub. Faktla bağlı Ağsu Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov