Bakıda oğru qadın tutuldu: qonaq getdiyi şəxsin qonşusunu qarət etdi
Bakıda qonaq getdiyi tanışının qonşusunun evindən pul oğurlayan qadın saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində qeyri-aşkar şəraitdə və zərərçəkənə maddi ziyan vurmaqla törədilən oğurluq hadisəsinin üstü açılıb.
Bakı şəhər sakini Əliağa Kərimov yanvarın 27-də Polis Bölməsinə şikayət edərək bildirib ki, yaşadığı evdə içərisində 1600 ABŞ dolları və 300 manat olan pul kisəsi naməlum şəraitdə oğurlanıb. Bölmə əməkdaşlarının "isti izlərlə" həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Nərimanov rayon sakini, əvvəllər məhkum olunmuş Fəridə Miriyeva saxlanılıb.
Saxlanılan şəxsin üzərindən oğurladığı pulun bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb. F.Miriyeva bildirib ki, oğurluğa daxil olduğu evin qonşuluğunda tanışı yaşayır və dəfələrlə orada qonaq olub. Gecə saatlarında isə o, oğurluq məqsədilə həmin mənzilə daxil olduğunu etiraf edib.
Faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.