Almaniyaya gedib çıxan Astara təndiri - REPORTAJ
Astara rayonunun Pensər kəndi saxsı təndirlərin hazırlanması ilə məşhurdur.
APA TV-nin cənub bürosunun məlumatına görə, son vaxtlar "təndirkəsənlər" məhəlləsi kimi tanınan ərazidə hazırlanan saxsı təndirlərə maraq daha da artıb.
Elmira Hüseynova 25 ildir bu işlə məşğul olur. Onun sözlərinə görə, böyük zəhmət tələb edən təndiri təxminən bir neçə günə hazırlanır. Bunun üçün də əvvəlcə kənd ətrafından, yaxud digər yerlərdən gil gətirilir, ona çay qumu qatılaraq xammal əldə edilir. Daha sonra isə həmin qatışıqdan təndir kəsilir. Qış ayları adətən sənətkarlar bir təndiri bir həftə müddətinə hazır edə bilir. Təndirin həm satış qiyməti, həm də içərisində bişirilən çörəklərin sayı ölçüsündən asılı olaraq dəyişir: "4 təndiri yayda 2 günə hazırlamaq olur, qışda 7 günə. Qiymətlər ölçüsündən asılı olaraq dəyişir. Böyük təndir 40 manata, 30 manata, 55 manata, balacası 20 manata. Bu təndirdə 10 çörək, bu təndirdə 9 çörək, bu təndirdə isə 20 çörək hazırlamaq olur".
Kənddə 50-yə yaxın ailənin dolanışığı təndir hazırlayıb satmaqdan keçir. Kənd sakinləri bu işlə il boyu məşğul olurlar. Sənətkarlar deyir ki, yay aylarında bir ay ərzində 40, qış aylarında isə 25-30 təndir satmaq mümkündür: "Tədricən quruyur. Sonra hava dəyməyən yerdə qoyulur ki, suyu çəkilsin. Quruyandan sonra aparırıq yandırmağa. Diqqət etmək lazımdır ki, çox qurusun, çörək bişirən narazı qalmasın. Çatlar verməsin, uzunmüddətli olsun".
Hazırlanan təndirlərin satışı əsasən həyətlərdə təşkil edilir. Bununla yanaşı, müxtəlif rayonlardan da sifarişçilər olur. Çörəyini təndirdən çıxaran Ehtiram Nadirov deyir ki, xarici ölkələrdən də təndir istəyənlər az deyil. Onların düzəltdiyi təndirlər Rusiya, Türkiyə, Gürcüstan və hətta Almaniya kimi ölkələrə də aparılır.