Yasamalda iki küçənin sakinləri qazsız qalıb - PROBLEM

Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsinin bir hissəsi, Rahib Tağıyev və Ümid Əkbərov küçəsi sakinlərinin evlərinə qaz gəlmir.

 

APA TV-nin məlumatına görə, bu səbəbdən sakinlər onsuz da soyuq olan evlərindən yola çıxıb qazsızlıqdan çıxış yolu axtarırlar. Çünki qazsız yaşamaqdan təngə gəliblər: "Ümid Əkbərov küçəsinin sol tərəfində qaz yoxdur. Bizə inanmırsız, gəlin gedək baxın. Keçən il soyuqlar düşəndən xəbər vermişik, əhəmiyyət verən yoxdur. Cavab da gəlmir, deyir gedin hara şikayət edirsiniz, edin".

 

Deyirlər ki, dəfələrlə etdikləri şikayətlər də nəticəsiz qalıb. Elə ona görə də küçədə toplaşmaq qərarına gəliblər: "Nə üçün vermirsən qazı ki, camaat çıxıb burada mitinq eləyir?"

 

Az keçmiş əraziyə Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi də gəldi. Özünü təqdim etməyən və ümumiyyətlə, müsahibə verməklə arası olmayan bu şəxslə sakinlərdən biri arasında yaşanan dialoq belə oldu:

 

- Bunu deyən məmur verməyəcək də mənə qaz.

 

- Yığışdır sənə deyirəm!

 

- Keçək yolun o tərəfinə, orada təndir var. Beş nəfər ağsaqqal keçək o tərəfə, orada qaz bu boyda gəlir. Mənimlə onun məsafəsi 50-100 metrdir. Necə olur yolun bu tərəfində qaz gəlmir, amma təndirdə qaz gəlir? Necə olur?

 

- Bu sualı mənə yox, aidiyyəti yerə vermək lazımdır.

 

Məmurun sözünə əməl edib, sualı "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayevə ünvanladıq: "Yasamal rayonu Şərifzadə küçəsi, Rahib Tağıyev küçələrində təbii qazın mövcudluğu ilə bağlı hər hansı problem yoxdur. Həmin ünvanların bəzi ərazilərində təbii qazın verilişində, təzyiqdə zəiflik müşahidə olunub, əməkdaşlarımız tərəfindən qaz xətlərində quraşdırılmış avadanlıqlar, qurğular vasitəsilə tənzimləmə işləri aparılıb. Hazırda da məndə olan məlumata görə, təbii qazın verilişində hər hansı problem yoxdur".

 

Biz problemi çəkib işıqlandırdıq. Nəticə çıxarmağı tamaşaçıların öhdəsinə buraxırıq.

Müəllif | Apa.Tv
Fərid Rəsulov