Rusiyada AZƏRBAYCAN DİASPORUNUN ÜZVÜ ÖLDÜRÜLÜB

Rusiyanın Yaroslav vilayətinin Rıbinsk şəhərində Azərbaycanın diaspor nümayəndəsi Vüqar Ramazanov evində qətlə yetirilib. APA TV-nin məlumatına görə, dekabrın 7-də baş vermiş hadisədə 43 yaşlı azərbaycanlıya bir neçə dəfə odlu silahdan atəş açılıb. Hadisənin milli zəmində baş verməsi ehtimal edilsə də,  sonradan məişət zəminində törədildiyi məlum olub. Diaspor nümayəndəsinin ölümündə şübhəli bilinən həyat yoldaşı saxlanılıb.

 

Hadisə baş verən gün səhər saatlarında qadınla əri arasında münaqişə baş verib. Getdikcə qızışan münaqişə qadının ərinə qarşı odlu silahdan 3 dəfə atəş açması ilə nəticələnib. Daha sonra o avtomobilinə oturaraq, sahibi olduğu obyektlərə baş çəkib, sonra qızı ilə Yaroslav delfinariyasına gedib. Atəş açdığı ərinə məxsus silahı isə yolda Volqa avtomobilinə qoyub.

 

Gecə evə gələn qadın ərinin cəsədinin aşkarlanmadığını gördükdə polisə müraciət edib və ərinin o, evdə olmadığı müddətdə  öldürüldüyünü deyib. Lakin bu versiya uzun sürməyib.  Müstəntiqlərin sorğusundan sonra qadın törətdiyi cinayəti etiraf edib. Dekabrın 11-də onun barəsində həbs-qətimkan tədbiri seçilib.

 

Vüqar Ramazanov dekabrın 12-də doğum gününü qeyd edəcəkmiş. 10 ildir həmin şəhərdə yaşayan soydaşımız, orada özünün şəxsi biznesini qurub.

 

 

Müəllif | Apa.Tv