Biləsuvarda heyvanlar naməlum xəstəlikdən tələf olub
Biləsuvar rayonunda müvəqqəti məskunlaşmış Cəbrayıldan olan məcburi köçkünün təsərrüfatında 7 baş iribuynuzlu cins heyvan tələf olub.
APA TV-nin cənub bürosunun məlumatına görə, tələfat 4 saylı məcburi köçkün qəsəbəsində qeydə alınıb.
Adı çəkilən qəsəbədə yaşayan Alim Cavadova məxsus iribuynuzlu cins heyvanlar arasında ölüm halları bu ayın əvvəlindən başlayıb. Belə ki, heyvanlar anidən zəifləməyə başlayır, ayaqları tutulur, yemdən kəsildikdən sonra isə tələf olur. İndiyədək aparılan müayinə və müalicə isə fayda verməyib: "İnəklərdən ikisinin analizi gedib, birinin cavabını şiş qoyublar. Beyləqan rayonundan da həkimlər çağırmışam, gəlib baxıblar, heç bir nəticə verilməyib. O qoyulan diaqnoz çıxmayıb".
Son 20 gündə Amil Cavadova məxsus təsərrüfatda 7 baş iribuynuzlu cins heyvan tələf olub. Digər heyvanlar isə təhlükə altında qalıb. Hadisə baş verən təsərrüfata mütəxəssislər cəlb olunub. Cəbrayıl Rayon Baytarlıq İdarəsinin rəisi İlham Şahverdiyevin sözlərinə görə, ölü heyvanlar yarılaraq nümunələr götürülüb. Həmçinin sağlam heyvanlardan qan nümunələri alınıb: "Vətəndaşın təsərrüfatından yem nümunələri götürülərək Respublika Baytarlıq laboratoriyasına göndərilib. Bundan sonra Respublika Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri cəlb olunub, tərəfimizdən təsərrüfata birlikdə baxış keçirilib, bir baş heyvandan yenidən nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib".
Hazırda heyvandarlıq təsərrüfatı nəzarətə götürülüb. İlkin diaqnoz kimi heyvanların zəhərlənmədən öldüyü ehtimal olunur.