Nazir: "Sahibkarlarımız istehsal etdikləri şərabları sata bilmirlər"
Azərbaycan sahibkarları istehsal etdikləri şərabları sata bilmirlər. APA TV-nin xəbərinə görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycandakı şərab zavodları öz potensialı ilə işləmir: “Hətta bəzi şərab zavodları fəaliyyətini dayandırıb. Buna başlıca səbəb isə əsasən şüşə qabların, şüşə qablaşdlrma istehsalı müəssisələrinin olmamasıdır. Şərab istehsalçıları şüşə qablar problemini həll etmək üçün xaricdən şüşə idxal etməli olurlar. Bu da xarici valyutanın ölkədən çıxmasına və şərabın maya dəyərinin bahalaşmasına səbəb olur”.
Nazir deyib ki, maya dəyərində şüşə qabının məsələsinin təsiri şərabçılıqda çox önəmlidir: “Bu məsələdə əsas olan marketinqdir. Dövlət və şirkətlər müştərək işləməlidirlər. Ötən il Azərbaycanda şərab istehsalı 2 dəfə aşağı düşüb. Ancaq buna baxmayaraq, ixrac artıb. Bazarlara çıxışı təmin etməklə xərcləri azaltmaq mümkün olacaq”.
Nazir bildirib ki, bu ilin sonuna qədər “Azərşüşə” MMC tikilərək istifadəyə verilməlidir.