Heydər Əsədov: "Kənd təsərrüfatının texnika ilə təminatında heç bir çətinlik yoxdur"

"Bu gün kənd təsərrüfatının texnika ilə təminatında heç bir çətinlik yoxdur". APA TV-nin xəbərinə görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

 

Onun sözlərinə görə, son illər aqrar sektorun qarşısında çox ciddi və həllini gözləyən məsələlər durub. Növbəti ilin problemlərindən biri toxumçuluq və tingçilik təsərrüfatlarının yaradılmasıdır: "Bu il Tərəvəzçilik İnstitutunun tərkibində böyük toxumçuluq sahəsi yaradılacaq. Bu sahə 9 bitki növü üzrə 6-7 ay sonra toxum istehsalına başlayacaq. Demək olar ki, artıq 9 tərəvəz bitkisi üzrə toxumu öz ölkəmizdə istehsal edəcəyik. Bildiyiniz kimi, Qubada Meyvə İnstitutumuz var. Bundan 1-2 ay sonra isə Qubada tingçilik təsərrüfatlarının yaradılmasına başlanacaq".

 

Nazir bildirib ki, ötən il toxumun alınması üçün laboratoriya avadanlıqlarına 700 min dollardan artıq vəsait ayrılıb. Növbəti ildən bu institut əksər meyvə tingləri üzrə öz istehsalını təşkil edəcək. Gələn ilin əvvəlinə bu sahədə ciddi dönüş olacaq.

Müəllif | Apa.Tv