Astaranın Şiyəkəran kənd məktəbində hərbi hazırlıq dərslərinə maraq böyükdür

Daim düşməndən bir addım öndə olmaq üçün vətənpərvərlik tərbiyəsinin aşılanmasına sabahın əsgəri olacaq şagirdlərdən başlamalıyıq. Bunun üçün məktəblərdə keçirilən hərbi hazırlıq dərsləri yüksək səviyyədə olmalıdır.

APA TV-nin cənub bürosunun məlumatına görə, Astara rayonundakı Şiyəkəran kənd 1 saylı tam orta məktəbdə də şagirdlərin çağırışaqədərki hərbi hazırlıq səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirilir. Məktəbin maddi texniki bazasının genişləndirilməsi gənclərin çağırışaqədərki hazırlıq fənninin tədris effektini də yüksəldib. Texniki avadanlıqlarla yanaşı müəllimlərin hazırlıq səviyyəsinə də xüsusi önəm verilir. Şagirdlər mütəmadi olaraq hərbi-idman oyunlarına cəlb edilir.

"Hərbi oyunlarda iştirak edirik, biz zona üzrə 1-ci yeri tutduq. Respublika üzrə 5 min məktəbdən olan 18 komanda arasında 6-cı yeri tutduq. Bizə fəxri fərmanlar və hədiyyələr verdilər", - deyə məktəbin şagirdi Ruhiyyə Balayeva öz nailiyyətlərindən danışarkən bildirib.

Orta məktəbdə hərbi dərs 10-11-ci siniflərdə tədris olunur. Şagirdlərin hərbi bilik və bacarıqlara yiyələnməsi üçün xüsusi geyimlər və digər əyani avadanlıqlar təşkil olunub.

Məktəbin hərbi hazırlıq müəllimi Həbib Həbibov şagirdlərin mütəmadi olaraq hərbi hissələrə aparıldığını, orada əyani şəkildə silahlarla tanış olduğunu qeyd edir: "Şagirdlərimi hərbi hissələrə aparıram və orada bütün ordumuzda məşğul olan silahlarla tanış edirəm, zabitlərin köməyi ilə onlara silahla davranma qaydalarını izah edirəm. Çünki şagirdlərimdə yüksək əhval-ruhiyyə var, onların hərbiyə çox diqqət və qayğısı var".

H.Həbibov deyir ki, məktəblərdə əvvəllər silah-sursat olub. Onlar çağırışaqədərki hazırlıqda dərs zamanı istifadə edilirdi. İndi həmin silahlar yenidən verilsə hərbi hissələrdə silahlarla tanış olmaqla yanaşı, məktəbdə də əyani şəkildə şagirdləri öyrədə bilərlər.

Müəllif | Apa.Tv
Apa.tv