Keçmiş məhkum bu dəfə mağazaları qarət etdiyi üçün saxlanıldı - NEFTÇALADA
Neftçalada mağazalardan silsilə oğurluq edən rayon sakini saxlanılıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, həmin şəxsin ifşası Neftçala rayonunun Qırmızıkənd kənd sakini Ayaz Ağayevin müraciəti əsasında mümkün olub.
Müəyyən edilib ki, naməlum şəxs və ya şəxslər A.Ağayevə məxsus mağazada seyfdən 150 manat nağd pul və 300 manat dəyərində danışıq kartları, 85 manatlıq siqaretlər oğurlayıb. Daha sonra kənd sakini Nofəl Məmmədov da eyni müraciətlə Neftçala Rayon Polis Şöbəsinə üz tutub və eyni mənzərə ona məxsus mağazada da rast gəlinib.
"Ərizə ilə müraciət edərək ona məxsus mağazadan 300 manat dəyərində nağd pul, 100 manat dəyərində telefon danışıq kartları, həmçinin müxtəlif ərzaq məhsullarının və siqaretlərin oğurlandığını, ümumilikdə ona 517 manat məbləğində ziyan dəydiyini qeyd edib", - deyə cinayət işini araşdıran müstəntiq Nicat Sadıqov bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin cinayət hadisələrini rayonun Qırmızıkənd kənd sakini, əvvəllər də oğurluq üstündə məhkum olunmuş 24 yaşlı İsa Nəcəfli törədib. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. İ.Nəcəfli telefon kartlarının müəyyən hissəsini Bakı şəhərində satıb. İlkin istintaq zamanı İ.Nəcəflinin ötən ilin avqustunda Ayaz Ağayevin mağazasından 1200 manat pul oğurladığı da aşkar olunub.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.