Dollar gücünü bərpa etməyə çalışır, neft ucuzlaşır
Dolların bərpa olunması cəhdləri və ABŞ-da hasilatın yenidən aktivləşməsi fonunda neftin qiyməti korreksiya olunmağa başlayıb. Son günlər “Brent” markalı neftin bir barelinin qiyməti 71,28 dollara çatsa da, korreksiya dövründə qiymətlər 68,64 dollar həddinə enib. Neftin ucuzlaşmasının davam edəcəyi gözlənilir.
Qərbi Texas neftinin qiymətində də analoji tendensiya müşahidə olunur. Ötən həftə 66,66 dollara satılan WTİ markalı neft bu gün keçirilən ticarət sessiyalarında 64,86 dollardan təklif olunur.
Bu gün Amerika Neft İnstitutu ölkənin neft ehtiyatlarının həcminə dair proqnoz xarakterli ənənəvi hesabatı açıqlayacaq. Hesabatın neftin ucuzlaşmasına ciddi təsir edəcəyi gözlənilir. Bununla belə həftə ərzində neftin qiyməti açıqlanan hesabatlarla yanaşı dolların digər valyutalara qarşı möhkəmlənməsindən asılı olacaq. Əgər dollar güclənsə, ucuzlaşmanın bir müddət daha davam edəcəyi gözlənilir.