Tapdığı avtomatı torpaqda basdırıbmış - NARDARANDA
Nardaran sakinindən odlu silah götürülüb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, yanvarın 27-də Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinə Nardaran qəsəbəsində yaşayan Süleyman Süleymanovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub.
Həmin gün S.Süleymanov qəsəbə ərazisində saxlanılaraq 42-ci Polis Bölməsinə gətirilib. Aparılan profilaktik söhbətlər zamanı o, odlu silaha sahib olduğunu etiraf edərək, həmin silahı qəsəbə ərazisində yerləşən Ümid Qayası deyilən yerdə basdırdığını bildirib.
Bölmə əməkdaşları hal şahidlərinin iştirakı ilə qeyd olunan ünvana baxış keçirib. Orada olan tikilinin içərisində axtarış aparılıb və torpağın altında gizlədilən nömrəsi silinmiş, 1 ədəd AK-74 markalı avtomat, 1 ədəd ona məxsus sandıqça və 15 ədəd 5.45 kalibrli patron aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində həmin silah-sursatı 2015-ci ilin dekabr ayında qəsəbədəki "Rəhimə xanım" ziyarətgahının yaxınlığından tapdığını və polisə təhvil verməyərək basdırdığını bildirib.
Faktla bağlı istintaq hərəkətləri davam etdirilir.