ABŞ Medvedev, Lavrov və Peskova sanksiya tətbiq edəcək

"Rusiyaya qarşı tətbiq ediləcək yeni sanksiyalar bu ölkə ilə işgüzar əlaqədə olan digər ölkələrin şirkətlərinə toxuna bilər".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.

 

"Yeni sanksiyalar tətbiq edildiyi halda məhdudlaşdırıcı tədbirlər həmçinin Rusiyanın müdafiə və kəşfiyyat sektorları ilə əlaqəli digər ölkələrin şirkətlərini də əhatə edəcək" - deyə, məlumatda vurğulanıb.

 

Bununla bağlı Rusiya ilə ticarət əlaqəsi olan hökumət və şirkətlər artıq məlumatlandırılıb. 

 
Bu arada ABŞ Konqresində Dövlət Departamentinin Rusiyaya qarşı sanksiyaların detallarına dair göndərdiyi sənədlə bağlı məxfi brifinq keçirilib.

 

ABŞ Maliyyə Nazirliyi də hazırladığı "Kreml hesabatı" adlı sanksiya sənədini Konqresə təqdim edib.

 

Sənədə 210 nəfərin adı daxil edilib. Onlardan 114-ü Rusiya Federasiyasının yüksək vəzifəli məmurları, 96 nəfər isə dövlət şirkətlərinin rəhbərləri, o cümlədən iri oliqarxlardır.

 

Siyahıya Rusiyanın baş naziri Dmitri Medvedev, Nazirlər Kabinetinin üzvləri - xarici işlər naziri Sergey Lavrov, energetika naziri Aleksandr Novak, nəqliyyat naziri Maksim Sokolov, sənaye və ticarət naziri Denis Manturov və rabitə naziri Nikolay Nikiforov daxil edilib.

 

Siyahıda Rusiya Prezident Administrasiyasının rəhbəri Anton Vayno və dövlət başçısının köməkçisi Vladislav Surkov, habelə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da var.

 

Qeyd edək ki, 2017-ci ilin iyulunda ABŞ Senatı Rusiya, İran və Şimalı Koreyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edib. ABŞ prezidenti avqustun 1-də qanun layihəsini təsdiqləyib.

Ağ Ev isə Moskvanın ABŞ tərəfindən "Kreml məruzəsi" vasitəsilə Rusiyadakı seçkilərə müdaxilə etməyə cəhd etdiyinə dair iddiaları cavablandırmayıb.

 

Son sanksiyalara münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, məruzə ABŞ tərəfinin Rusiyada keçiriləcək prezident seçkilərinə müdaxilə cəhdidir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı