Türkmən sürücü Yevlaxda qəza törətdi - YANACAĞI YOLA DAĞILDI

Yevlax rayonunda yük avtomobili qəza törədib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Bakı-Qazax magistral yolunun Yevlax şəhərindən keçən hissəsində baş verib.

 

Türkmənistan vətəndaşı Habidqullayev Təkməhəmməd Niyazməhəmməd oğlunun idarə etdiyi TIR dörd yolun kəsişməsindəki dairəyə çırpılıb. Nəticədə yük avtomobilinin işlək və ehtiyat benzin çənləri deşilib, xeyli miqdarda yanacaq yola dağılıb. Bu səbəbdən əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb. Yanğınsöndürənlər yanğın və ya partlayış baş verməməsi üçün yola tökülən yanacağı su ilə yuyublar.

 

Yol polisinin əməkdaşları 39 yaşlı Təkməhəmməd Habidqullayevi müayinə üçün xəstəxanaya çatdırıb. Həkimlər xarici qonağın səhhətində problem olmadığını bildirib. Sürücü qəzaya səbəb kimi idarə etdiyi maşının təkərinin partlamasını göstərib. Faktla bağlı araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov