Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib

Azərbaycan Dövlət Gömrük Komitəsi əməkdaşları peşə bayramını qeyd edir. APA TV-nin xəbərinə görə, bu münasibətlə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və komitənin əməkdaşları Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

Jurnalistlərə açıqlama verən Aydın Əliyev Dövlət Gömrük Komitəsinin 2018-ci ildə görəcəyi işlərdən danışıb: "Əsas işimiz ondan ibarət olacaq ki, biz yenə də ticarət dövriyyəsinin rəsmiləşdirilməsi zamanı daha da sadələşdirilməsi və xarici iqtisadi əlaqələr iştirakçılarına lazım olan şəraitin yaradılmasıdır. O ki qaldı konkret olaraq həm ixrac, həm də idxal əməliyyatlarının daha da sadələşdirilməsinin həyata keçirilməsi ilə bağlı biz bu il qlobal işlərə başlayacağıq".

 

Aydın Əliyev bildirib ki, Azərbaycan yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə qoşulmaq niyyətindədir. Bu sistemə qoşulmaq üçün əvvəlcə iki konvensiyaya qoşulmaq lazımdır: "Avropa ölkələri arasında məlumat dövriyyəsini təmin edən NCTS sisteminə qoşulmaq niyyətindədir. Bu sistem bütün Avropa ölkələrini birləşdirir. Məlumat mübadiləsini ikitərəfli müqavilə əsasında həyata keçirəcəyik. Artıq ötən ilin dekabrından biz müşahidəçi statusunda bu sistemə qəbul edilmişik. Bu gün və sabah bizim xüsusi nümayəndəmiz xüsusi iclasda iştirak edəcək".

 

Qeyd edək ki, bu gün Dövlət Gömrük Komitəsində 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. İclasda çıxış edən DGK sədrinin müavini Səfər Mehdiyev bildirib ki, 2017-ci il üçün Dövlət Gömrük Komitəsi üzrə müəyyənləşdirilən illik büdcə proqnozu artıqlaması ilə yerinə yetirilib. Sonra idarə rəisləri çıxış edərək, ötən il görülən işlər və həyata keçirilən tədbirlər barəsində məlumat veriblər.

Müəllif | Apa.Tv