649 PYD terrorçusu öldürüldü, Türkiyə Suriyaya yeni tank briqadası göndərdi

"Zeytun budağı" əməliyyatının 11-ci günündə məhv edilən PYD terrorçularının sayı 649-a çatıb. APA TV-nin məlumatına görə, açıqlamanı Türkiyə Silahlı Qüvvələri (TSQ) təsdiqləyib.

Hərbi aviasiyanın həyata keçirdiyi son əməliyyat günündə daha 33 terrorçu zərərsizləşdirilib, PYD-yə aid 3 hədəf darmadağın edilib. 

Bölgədə daha bir kənd - Halil Külkü PYD-dən azad edilib.

Afrin bölgəsindən isə Türkiyəyə daha bir raket atılıb. Raket Kilis şəhərinin yaxınlığındakı zeytun bağlarına düşüb. İnsan itkisi və dağıntıların olmadığı bildirilir. Qarşı tərəfə top atəşləri ilə cavab verilib.

Əməliyyat başlayan gündən - yanvarın 20-dən bu yana PYD terrorçuları tərəfindən Türkiyə ərazisinə 20 raket zərbəsi endirilib. Nəticədə 2 nəfər ölüb, 21 nəfər yaralanıb.

PYD-dən təmizlənən Afrinin 13 kilometr yaxınlığında olunan Burseya dağından sonra isə Türkiyə ordusunun hədəfi digər strateji yüksəklik Bafelyundur.

Həmin yüksəklikdə mövqe tutan terrorçular iriçaplı silahlarla vurulur.

Bundan əlavə ASO Raco ərazisində bir neçə strateji yüksəkliyi nəzarətə götürüb. Döyüşlərdə 15 terrorçu məhv edilib.

PYD/YPG həmin nöqtələri əldən verdiyini təsdiqləyib. ASO isə adı çəkilən ərazilərdən fotolar paylaşıb.

Bu gün səhər saatlarında F-16-lar Cinderes bölgəsini bombalayıb. Cilvəzoğlu sərhəd qapısından isə TSQ-ya məxsus daha bir konvoy Suriya ərazisinə keçib. İdlibə istiqamətlənən tanklar və ağır hərbi texnika Əl Atarib qəsəbəsinə çatıb.

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı