Xameneyi: "ABŞ İŞİD-i Əfqanıstana daşıyır"
"ABŞ İŞİD-i Əfqanıstana daşıyır". APA TV-nin IRNA-ya istinadən məlumatına görə, İranın ali dini rəhbəri Əli Xameneyi belə bir bəyanat verib.
O, bunun isbatı kimi son günlər Kabildə törədilən terror aktlarını və nəticədə yüzlərlə insanın ölümünü göstərib. "ABŞ-ın məqsədi bölgədə varlığını qorumaq və İsrailin təhlükəsizliyini təmin etməkdir. İnsanların həyatı onlar üçün əhəmiyyətsizdir" - deyə, Xameneyi sözlərinə əlavə edib.
Ali dini lider bundan başqa amerikalıların Yaxın Şərqdə müsəlmanlar arasında məzhəb ayrılığını qızışdırdığını və bölgə ölkələrini qarşı-qarşıya qoymaq məqsədi güddüyünü deyib.
Xatırladaq ki, Əfqanıstan paytaxtında son bir ayda törədilən terror aktlarında 282 nəfər həyatını itirib, 500-dən çox insan yaralanıb. Hadisələrə görə məsuliyyəti "Taliban" və İŞİD üzərinə götürüb.