İkinci jurnalist binasındakı mənzillərin açarları sahiblərinə təqdim olundu
Bu gün media nümayəndələri üçün inşa olunmuş ikinci binadakı mənzillərin açarlarının sahiblərinə təqdim olunması mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, mərasimdə çıxış edən Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli binanın artıq istismara qəbul edildiyini söyləyib.
Birinci bina ilə müqayisədə ikinci binada jurnalistlərə mənzillərin açarlarının verilməsinin gecikməsinə toxunan Vüqar Səfərli deyib ki, istismar aktı olmadan binada yaşayışın olması mümkün deyildi: "Bu gündən binada yaşamaq mümkün olacaq. İşıq, su mənzillərin sahiblərinin adınadır, yalnız qaz kartları binanın tikintisini aparan şirkətin adınadır. Jurnalistlər özləri "ASAN Kommunal"da qaz kartlarını öz adlarına keçirə bilərlər".
Jurnalistlərə mənzillərin açarlarının təqdim olunmasını mühüm hadisə kimi dəyərləndirən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətin media siyasətinin uğurlu nəticələrinin ortada olduğunu vurğulayıb. Prezident köməkçisi mənzillərin jurnalistlər üçün xeyirli, uğurlu olmasını arzulayıb.
Daha sonra mənzillərin açarları sahiblərinə təqdim edilib.