Suriya müxalifəti Türkiyəni vəkil seçdi - SOÇİDƏ QALMAQAL
Suriya müxalifəti Rusiyanın Soçi şəhərində başlayan Suriya Milli Dialoq Konqresinə qatılmayıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, onlar təmsilçilik hüququnu Türkiyəyə həvalə ediblər.
Buna səbəb Ankaradan Soçiyə gedən heyətin Rusiyadakı hava limanında Əsəd hakimiyyətini əks etdirən loqolar və bayraqlar olub. Müxalifət təmsilçiləri arasında ərəb, türkmən və kürd nümayəndələr var.
Danışıqlar Rusiya, Türkiyə və İran rəsmilərinin iştirakı ilə keçirilir.
Bu arada Sergey Lavrovun çıxışı zamanı zalda səs-küy düşüb.
S. Lavrov Konqres iştirakçılarına Rusiya prezidenti Vladimir Putinin müraciətini oxuyub. Daha sonra isə nazir özünün bir neçə fikir səsləndirmək istədiyini bildirib.
Bu zaman iştirakçılardan biri ayağa qalxaraq "Yaşasın Rusiya, yaşasın dostluq!" deyə qışqırıb. Buna cavab olaraq digər suriyalı onunla ərəb dilində sərt polemikaya başlayıb. S. Lavrov iştirakçıları sakitləşməyə çağırıb, "əgər yaşasın Rusiya deyirsinizsə, onda icazə verin, çıxışımı edim" - deyə, söyləyib.
Soçidə başlayan Suriya Milli Dialoq Konqresinə 1500-dən çox şəxs qatılıb.