Tramp Rusiya, Çin və İranı hədələdi: "Nüvə silahından istifadə edərik!"

"Ölkəmiz təhlükəsizliyi tam təmin etmək üçün nüvə arsenalını modernləşdirməlidir".

 

APA TV-nin məlumatına görə, bunu canlı yayımlanan müraciətində ABŞ prezidenti Donald Tramp bəyan edib.

 

O bildirib ki, istənilən dövlət tərəfindən aqressiya hiss ediləcəyi halda, ABŞ nüvə potensialından istifadə etməyə məcbur olacaq: "Biz müdafiə qabiliyyətimizi artırmaq üçün nüvə arsenalımızı təkmilləşdirməliyik. Ümid edirik ki, onu işə salmağa ümumiyyətlə ehtiyac olmayacaq, lakin digər ölkələr tərəfindən təhlükə hiss olunarsa, nüvə silahlarımız bu təhlükəyə cavab verəcək gücdə olmalıdır".

Bununla belə, Ağ Ev rəhbəri dünyanın nə vaxtsa nüvə silahından qurtulacağına ümid etdiyini bildirib

 

Qeyd edək ki, rəsmi Vaşinqton yeni nüvə strategiyasını yanvarın ortalarında açıqlayıb. Nisbətən məhdud təsirə malik nüvə başlıqları və nüvə əsaslı qanadlı raketlərin hazırlanması nəzərdə tutulan layihədə ABŞ-a əsas təhlükə yaradan ölkələr arasında Rusiya, Çin, Şimali Koreya və İran göstərilib.

Bu arada Dövlət Departamentindən bildirilib ki, İranla nüvə razılaşmasında iştirak edən tərəfdaşlar sazişə düzəliş etməsələr, ABŞ razılaşmanı tərk edəcək. Bundan əlavə, düzəlişlər edilməzsə, rəsmi Vaşinqton sanksiyaların müddətini artıracaq.

 

 

 

 


 

Müəllif | Apa.Tv
Fərid Rəsulov