PYD Türkiyə ərazisini vurdu: 17 yaşlı qız öldü

Suriyanın şimalından Türkiyə ərazisi növbəti dəfə zərbələrə məruz qalıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, YPG-nin Afrindən atdığı iki raket Hatayın Reyhanlı qəsəbəsinə düşüb.

Raketlərdən biri yaşayış evinə tuş gəlib. Nəticədə 17 yaşlı qız ölüb, bir nəfər isə yaralanıb.

Üç mərtəbəli yaşayış binasında yanğın olub, əraziyə çox sayda polis, xilasedici və yanğınsöndürən gəlib.

Binanın yaxınlığında park edən bir avtomobil isə yararsız vəziyyətə düşüb.


Xatırladaq ki, Reyhanlı qəsəbəsi ilk dəfə deyil YPG-nin raket zərbəsinə hədəf olur. Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında "Zeytun budağı" əməliyyatına start verdiyi gündən Kilis və Hatay ərazilərinə PYD/YPG tərəfindən 20-dən çox raket atılıb. Son hadisəyə qədər 2 nəfər ölüb, 21 nəfər yaralanıb.
 

Müəllif | Apa.Tv
Fərid Rəsulov