113 yaşlı beynəlxalq təşkilat Azərbaycanda fəaliyyətini genişləndirir

Beynəlxalq “Rotary” təşkilatı din, irq, dil ayrı-seçkiliyinə yol vermədən dünyanın bir çox ölkələrində tanınan qeyri-hökumət təşkilatıdır. 1905-ci ildə yaradılıb. İkinci Dünya Müharibəsindən sonra şəbəkə olaraq bütün dünyaya yayılıb.

 

Həmsöhbətimiz “Rotary” təşkilatının təmsilçisi Sərdar Ünlü ilk dəfədir Bakıya gəlir. Fürsətdən istifadə edərək onunla görüşüb, təşkilatın fəaliyyəti barədə geniş məlumat aldıq: “Önəmli xidmətlər göstəririk. Məsələn, uşaq iflici ilə mübarizəni başlayan, Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə kampaniyaya start verən, 1,5 milyard dollardan artıq pul xərcləyən təşkilatıq. Dünyada ən çox tanınan layihəmiz budur. Bundan başqa, təhsil, qadın və uşaq sağlamlığına çox ciddi yanaşırıq”.

 

“Rotary” təşkilatının üzvləri könüllülərdir. Bilik və təcrübələrini sərhədlərdən kənara çıxaran, təşəbbüskar, problemlərin aradan qaldırılması üçün həll yolu göstərən insanlardır.

 

Sərdar Ünlü ilə təşkilatın Azərbaycandakı fəaliyyəti barədə də danışdıq. Ölkəmizdə bu təşkilat 1998-ci ildən fəaliyyət göstərir. Bakıda iki klubda təxminən 50 üzvlə fərqli layihələrə imza atırlar: “İnkişaf etmiş Avropa şəhərini görmək xoş oldu. Burada ehtiyaclar az olduğu üçün təbii olaraq klubların həyata keçirdikləri layihələrin sayı da azdır. Azərbaycan həqiqətən çox inkişaf edib. Təhsil, gənclərin inkişafı, onların ölkələrinə daha çox fayda verməsi istiqamətində mühüm layihələr həyata keçirilməkdədir. Əlbəttə ki, bunlar dövlətin dəstəyi ilə həyata keçirilir”.

 

Son dörd dildə daha çox gənclərin inkişafı istiqamətində işlər görülüb. Azərbaycanda isə “Rotary” könüllüləri əsasən təhsil sahəsində ehtiyacı olanlara dəstək göstərirlər. Əqli qüsurlu uşaqlar üçün hippoterapiya proqramı da uğurla davam edir. Sərdar bəyin fikrincə, bu layihələr Azərbaycanın tanıdılması baxımından da önəmlidir. Təşkilatın böyük toplantıları olur. Gələcəkdə könüllülərin Bakıda toplanması planlaşdırılır: “Biz dövlətlərlə birgə çalışırıq. Əlbəttə ki, sponsorlarımız var. Fərqli imkanlardan yararlanaraq, öz gücümüzdən də istifadə edərək çalışırıq. Biz xeyriyyə təşkilatı deyilik. İnsanların öz gücünə ayaqda durmasını təmin edərək, dünyaya gözəl nümunələr göstərməyə çalışan təşkilatıq”.

 

“Rotary” dünyada magistr dərəcəsində təqaüd verən tək təşkilatdır. Dünyada geniş yayılan gənclərin mübadiləsi, yəni seçilmiş gənclərin başqa ölkələrdə təhsil alaraq vətənə geri dönmələri ilə bağlı proqramın da təməlini bu təşkilat qoyub. Təşkilatın dünya üzrə 35 min klubu, 1 milyon 300 min üzvü var.

 

2018-ci il üçün hədəflərdən biri uşaq iflicinin qarşısını tamamilə almaqdır. Azərbaycanla bağlı planlar bir qədər başqadır: “Azərbaycanda yay aylarında düşərgə təşkil etməyi düşünürük. Dünyanın bir çox ölkələrindən uşaqları bura gətirib, onlara Azərbaycanı tanıtmaq istəyirik. Bu, həm də mədəniyyətlərin mübadiləsi olacaq. Əqli qüsurlu uşaqlarla bağlı layihələrimiz olacaq. Yerli və əcnəbi mütəxəssislərin köməyindən istifadə edərək nümunə olmağa çalışacağıq”.

 

Qeyd edək ki, istənilən şəxs kluba üzv ola bilər. Təşəbbüskar olmaq, problemlərin həlli üçün real təkliflər irəli sürmək kifayətdir. Klubun iclasları hər kəs üçün açıqdır.

Müəllif | Apa.Tv
Nigar Həsənli